44 gün
davam edən və torpaqlarımızın azadlığı ilə nəticələnən “Dəmir yumruq”
əməliyyatında - Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının hərbi qulluqçuları da əzmlə vuruşmuş, böyük qəhrəmanlıq nümunələri
göstərmişlər.
Vətən
müharibəsində rəşadətlə döyüşərək yaralanmış hərbi qulluqçularımızın həyat və
şərəfli döyüş yolundan bəhs edən “Qazilərimiz” rubrikasının budəfəki qəhrəmanı
baş çavuş Cəfərov Elnur Fəqani oğludur.
Baş çavuş Elnur Cəfərov 1990-cı il martın 10-da Kürdəmir rayonunun
Qarasaqqal kəndində anadan olub. Orta təhsilini Kürdəmir rayonu Qarasaqqal kənd
tam orta məktəbində alıb. Müddətli həqiqi hərbi xidmətini 2008-2009-cu illərdə
Daxili Qoşunların Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “N” saylı
hərbi hissəsində keçib. 2013-cü ilin iyun ayından qoşunların Gəncə şəhərindəki
“N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu
kimi yenidən Vətənə olan borcunu yerinə yetirməyə başlayıb.
Hərbi hissənin ayrı-ayrı bölmələrinin tərkibində müxtəlif vəzifələrdə
xidmətini davam etdirən baş çavuş E.Cəfərov 2020-ci ilin iyun ayından
yaralandığı günədək xüsusi təyinatlı dəstədə istehkamçı yarımqrupunun
komandiri-baş istehkamçı kimi vəzifə borcunu şərəflə yerinə yetirib.
Xidmət etdiyi dövrdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan
Təmizlənməsi üzrə Milli Agentliyinin (hazırda Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyi) Göygöl rayonu ərazisində təşkil etdiyi istehkamçı
ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirib və ona müvafiq sertifikat verilib.
İstehkamçı yarımqrupunun komandiri kimi qarşıya qoyulmuş tapşırıqları hər zaman
layiqincə yerinə yetirdiyinə görə, eləcə də yüksək döyüş hazırlığı, hərbi
intizamı və nümunəvi xidmətilə fərqlə
nən hərbi qulluqçu kimi hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə
mükafatlandırılıb.
Vətən torpaqlarını düşmən tapdağından azad görmək və bu amal uğrunda
başlayacaq döyüşlərdə iştirak etmək Elnurun ən böyük arzusu olub. Məhz buna
görə də Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan baş çavuş E.Cəfərov
Kəlbəcər, Füzuli və Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyatlarda fəal
iştirak edib: “İlk döyüşümüz 2020-ci il sentyabrın 27-də Kəlbəcər istiqamətində
olub. Dörd gündən sonra Füzuli və Cəbrayıl ərazisində gedən döyüş
əməliyyatlarına qatıldıq. Burada bir sıra kəndlərin və yüksəkliklərin azad
edilməsində yaxından iştirak etdik. Bundan əlavə, ermənilərin Cəbrayıl şəhəri
ətrafındakı bir neçə möhkəmləndirilmiş postunu darmadağın edib, ələ keçirdik”.
Olduqları mövqelərin düşmən tərəfindən artilleriya və müxtəlif çaplı
silahlardan atəşə tutulması nəticəsində altı güllə və səkkiz qəlpə yarası
aldığını qeyd edən qazimiz sonda ən böyük arzusuna çatdığı üçün qürur duyduğunu
deyir: “Oktyabrın 6-da, saat təxminən 05:00-da Cəbrayıl istiqamətində baş verən
şiddətli döyüşdə ağır yaralandım. Sanitarlar ilkin tibbi yardım göstərərək,
qanaxmamı dayandıra bildilər. Şiddətli atışma getdiyindən, təxliyyə olunmam
mümkün deyildi. Güllə və mərmilər sanki dolu kimi yağırdı. Bu baxımdan yaralı
vəziyyətdə belə düşmənə qarşı vuruşmalı oldum. Beş saatdan sonra yoldaşlarımın
köməkliyi ilə döyüş meydanından təxliyyə oluna bildim. Əvvəlcə bizi Silahlı
Qüvvələrin Bakıdakı Mərkəzi Kliniki Qospitalına, orada tibbi yardım
göstərildikdən sonra isə Daxili Qoşunların Hərbi Qospitalına gətirdilər. Burada
hər iki ayaq və bel nahiyəmdən əməliyyat olundum. Allaha çox şükür, yaxşıyam.
Həkimlərimizin sayəsində sağlamlığım qismən bərpa olunub. Lakin tam sağalmağım
üçün ambulator müalicəmi indi də davam etdirirəm.
Nə deyim, Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı
silahdaşlarımıza da şəfa versin. Əsas odur ki, biz otuz ilə yaxın düşmən
tapdağında qalan torpaqlarımızı qısa bir vaxtda azad etməyə müvəffəq olduq. Ali
Baş Komandanımızın dediyi kimi, “düşməni dəmir yumruğumuzla məhv etdik””.
Azərbaycan Respublikası Prezidenti-nin 18 dekabr 2020-ci il tarixli,
29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə baş çavuş Cəfərov Elnur
Fəqani oğlu “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə
təltif edilib.
Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Pələng” şərti adını
daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Zəfər” ordeni və “Şücaətə görə”
medalı ilə təltif edilmiş mayor Zaur Rəhimov (Vətən müharibəsi zamanı iki dəfə
- Murovdağ və Şuşa istiqamətlərində gedən döyüşlərdə yaralanıb) dəstədə
yarımqrup komandiri kimi xidmət etmiş baş çavuş Elnur Cəfərovun bu gün də
silahdaşları tərəfindən vətənpərvər döyüşçü kimi xatırlandığını deyir:
“Torpaqlarımızın azadlığı uğrunda başlayan 44 günlük Vətən müharibəsində
dəstəmizin “pələnglər”i də fəal iştirak etmiş, cəbhənin müxtəlif
istiqamətlərində aparılan döyüş əməliyyatlarında düşməni məğlub edərək, böyük
şücaət göstərmişlər. Bu döyüşlərdə dəstəmizin şəxsi heyətindən 11 nəfər şəhid
olub, 39 nəfər silahdaşımız isə yaralanıb. Düşmənə gözdağı olan cəsur qazi
hərbi qulluqçularımızdan biri də baş çavuş Elnur Cəfərovdur.
Vətənpərvər, yüksək intizamlı və məsuliyyətli yarımqrup komandiri
kimi baş çavuş E.Cəfərovun fəaliyyəti hər zaman müsbət qiymətləndirilib. İstər
atəş və fiziki hazırlıq, istərsə də ixtisas hazırlığı üzrə keçirilən praktiki
məşğələlərdə onun komandiri olduğu yarımqrup qazandığı müsbət nəticələrinə görə
dəfələrlə fərqlənib. Kollektiv arasında böyük hörmət və nüfuza malik fəal hərbi
qulluqçu kimi tanınıb. Qorxmaz və cəsur döyüşçü kimi Vətən müharibəsində
iştirak edərək, qəhrəmanlıq nümunələri göstərməklə, ona olan etimadı bir daha
doğrultmuş oldu. Yalnız onu deyə bilərəm ki, Elnurun timsalında bütün qazi
silahdaşlarımızla qürur duyur və tezliklə sağlamlıqlarına qovuşmalarını
arzulayırıq”.
Məlumat üçün bildirək ki, “APA” TV saytının “YouTube” internet
portalı vasitəsilə yayımlanan xəbər proqramında, jurnalist Sevinc Vaqifqızının
təqdimatında “Xüsusi təyinatlı qazi: Yaralı halda beş saat döyüşdük” adlı süjetdə
baş çavuş E.Cəfərovun gənc nəslə nümunə olan döyüş yolu barədə məlumatlar
izləyicilərə təqdim edilib.
Sonda onu
da qeyd edək ki, Elnurun Zəhra və Sərfinaz adında iki qız övladı var. Adını
Vətənin qəhrəmanlıq tarixinə öz qanı ilə həkk edən qazi silahdaşımızın böyüdüb
tərbiyə etdiyi övladları da bizimtək hər zaman ataları kimi Vətənin igid
oğulları ilə qürur duyacaqlar. Qazimizə bundan sonrakı həyatında uğurlar
diləyirik.
mayor Anar
Əhmədov,
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin
redaktoru